Dünya tarixində ən böyük texnoloji yeniliklərdən biri hesab olunan internetin yaranmasından 57 il ötür.
1969-cu il oktyabrın 29-da ABŞ-də internetin sələfi sayılan ARPANET şəbəkəsi vasitəsilə tarixdə ilk mesaj göndərilib. Həmin gün Kaliforniya Universitetinin Los-Ancelesdəki kampusunda (UCLA) yerləşən kompüterdən təxminən 560 kilometr uzaqlıqdakı Stenford Tədqiqat İnstitutunun kompüterinə məlumat ötürülməsinə cəhd edilib. Tədqiqatçılar uzaqdakı kompüterə “LOGIN” sözünü göndərmək istəyiblər. Lakin sistem ilk iki hərf – “LO” ötürüldükdən sonra sıradan çıxıb. Beləliklə, internet tarixində ilk göndərilən mesaj cəmi iki hərfdən ibarət olub. Daha sonra texniki nasazlıq aradan qaldırılıb və məlumatın ötürülməsi uğurla tamamlanıb. İlk mesajın göndərilməsində UCLA-nın tələbəsi Çarli Klayn və Stenford Tədqiqat İnstitutunun mühəndisi Bill Düvall iştirak ediblər. Layihəyə rəhbərlik edən alimlərdən biri isə kompüter şəbəkələri sahəsində mühüm tədqiqatları ilə tanınan Leonard Kleynrok olub. ARPANET layihəsi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA) maliyyələşdirməsi ilə həyata keçirilib. Layihənin əsas məqsədi müxtəlif universitetlərdə və elmi-tədqiqat mərkəzlərində yerləşən kompüterlər arasında məlumat mübadiləsini təmin etmək olub.1969-cu ilin sonuna qədər ARPANET şəbəkəsinə dörd elmi-tədqiqat müəssisəsi qoşulub. Bunlar Kaliforniya Universitetinin Los-Anceles və Santa-Barbara kampusları, Stenford Tədqiqat İnstitutu və Yuta Universiteti idi.İnternet tarixində digər mühüm hadisə 1971-ci ildə baş verib. Amerikalı proqramçı Rey Tomlinson kompüter şəbəkəsi üzərindən elektron məktub göndərilməsi sistemini yaradıb. Elektron poçt ünvanlarında istifadə olunan məşhur “@” işarəsini də məhz o seçib.1973-cü ildə ARPANET ilk beynəlxalq bağlantılarını qurub. Böyük Britaniya və Norveçdəki kompüter sistemləri şəbəkəyə qoşulub.1983-cü il yanvarın 1-də ARPANET-in TCP/IP protokollarına keçməsi internetin inkişafında mühüm mərhələ olub. Bu texnologiya müxtəlif kompüter şəbəkələrinin vahid sistemdə əlaqələndirilməsinə şərait yaradıb.1984-cü ildə domen adları sistemi – DNS istifadəyə verilib. 1985-ci ildə isə ilk kommersiya məqsədli domenlərdən biri olan “symbolics.com” qeydiyyatdan keçirilib.1989-cu ildə britaniyalı alim Tim Berners-Li Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) Ümumdünya Hörümçək Toru – World Wide Web sistemini təklif edib.1990-cı ildə dünyanın ilk veb-saytı yaradılıb. CERN-də hazırlanan bu sayt World Wide Web layihəsi haqqında məlumat verirdi. 1991-ci ildə veb texnologiyası internet istifadəçilərinin daha geniş dairəsi üçün əlçatan olub.1993-cü ildə “Mosaic” adlı qrafik veb-brauzerin istifadəyə verilməsi internet səhifələrinə baxışı xeyli asanlaşdırıb. 1994-cü ildə “Yahoo!”, 1998-ci ildə isə “Google” yaradılıb.

Oxucu şərhləri
0 təsdiqlənmiş şərh